QAN YADDAŞI
Ağcabədidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Ağcabədi, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 23-cü ildönümü Ağcabədi rayonunda geniş qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində faciənin ildönümünə həsr olunmuş yığıncaq və konfranslar keçirilmiş, foto və pəsm sərgiləri açılmışdır.
Yanvarın 19-da rayon ictimaiyyəti-ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları üzərinə və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir Qarabağ Muğam Mərkəzində davam etdirilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədən, 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrdən, faciəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, qanlı hadisəyə qarşı etirazını bildirmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransını əks etdirən videofilm göstərilmiş, Ağcabədi şəhər 3 nömrəli məktəb liseyin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.