REGİONLAR
Ağcabədidə gənc könüllülər əhalini pandemiya ilə bağlı maarifləndirirlər
Ağcabədi, 10 iyul, AZƏRTAC
Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri COVID-19 pandemiyası ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəal iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün yaradılmış mobil qrupların tərkibində fəaliyyət göstərən gənc könüllülər müəssisə, təşkilatlarda, sahibkarlara məxsus obyektlərdə sakinlərlə maarifləndirici söhbətlər aparır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini vətəndaşların diqqətinə çatdırırlar.
Vətəndaşlara şəxsi gigiyena qaydalarına diqqət yetirmək, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmək və məsafə saxlamaq kimi zəruri məsələlər izah edilir, tələblərin pozulması hallarına yol verənlər haqqında inzibati cəza tədbirlərinin görüldüyü bildirilir. Şifahi məlumatlandırma ilə yanaşı, sakinlərə üzərində COVID-19 virusuna yoluxma riskini azaldacaq məlumatlar əks olunmuş bukletlər paylanılır, ictimai-iaşə obyektlərinə bildiriş vərəqələri yapışdırır.