Ağcabədidə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Ağcabədi, 30 mart (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağcabədi şəhərindəki Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışmışlar. Bildirilmişdir ki, əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “Böyük Ermənistan” yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törətmişlər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər.
Çıxışlarda 1918-ci ilin martında Bakı və ətraf ərazilərdə baş vermiş faciələr bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilmiş, Ermənistanın bu gün də davam edən işğalçılıq siyasəti qətiyyətlə pislənilmişdir.