Ağdamda Dövlət Suverenliyi Günü qeyd olunub
Ağdam, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
2023-cü il sentyabrın 19-da başlanan və cəmi 23 saat davam edən antiterror əməliyyatı nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib, Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dövlət Suverenliyi Günü münasibətilə Ağdam rayon Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanda ucalan abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində davam edən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP rayon təşkilatının sədri Mansur Quliyev və başqaları çıxış edərək, 2020-ci il 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı Zəfərdən, 2023-cü il sentyabrın 19-da cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etməsindən, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamasından danışıb, bu əlamətdar günün Azərbaycanın dövlətçiliyində xüsusi önəm daşıyan tarixi gün olduğunu bildiriblər.