Ağdamda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib




Ağdam, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış 44 günlük Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və suverenlik salnaməsinin növbəti şərəfli səhifəsi yazıldı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Müzəffər Ali Baş Komandan və suverenliyə gedən yol” mövzusunda tədbirdə səsləndirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və qazilərin, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər 1995-ci il noyabrın 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etdirməsindən, 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsindən danışıblar.