Ağdamlı gənclər 31 mart soyqırımı qurbanlarının xatirəsini yad etmişlər
Ağdam, 30 mart (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təşkilatın gənclər birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə rayonun fəal gəncləri, Ağdam Musiqi Texnikumunun tələbələri iştirak etmişlər.
Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev, gənclər birliyinin sədri Amil Cavadov, Quzanlı qəsəbə tam orta məktəbinin tarix müəllimi Raqif Zeynalov və başqaları ermənilər tərəfindən azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi köklərindən, xalqımıza qarşı aparılan təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışmışlar. Bildirilmişdir ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər törədilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-1953-cü illərdə və ötən əsrin 80-ci illərinin sonunda 100 minlərlə Azərbaycan türkü öz dədə-baba torpaqlarından deportasiya edilmişdir. 1990-cı illərin əvvəllərində ərazilərimizin 20 faizi erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yerlərdə qanlı faciələr törədilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın soydaşımız doğma torpaqlarından qovulmuşdur.
Çıxışlarda ermənilər tərəfindən xalqımıza qarşı aparılan təcavüzkarlıq siyasəti, törədilən faciələr və terror aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs olunmuş, bu sahədə gənclərin üzərinə düşən vəzifələrdən danışılmışdır.