AĞDAMLI MƏCBURİ KÖÇKÜNLƏR YENİ QƏSƏBƏLƏRƏ KÖÇÜRLƏR
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Alıbəyli-1”, “Alıbəyli-2”, Səfərli, “Bənövşələr-1”, “Bənövşələr-2”, Baharlı, “Dördyol-1”, “Dördyol-2”, Təzəkənd, Qasımbəyli, Quzanlı-1 və İmamqulubəyli köçkün qəsəbələri istifadəyə hazırdır. İndiyədək 5 qəsəbənin məskunlaşdırılması başa çatdırılmışdır.
Yeni qəsəbələrə Bərdədəki “Qızıl Ay”, “Ərəb-1”, “Ərəb-3” çadır şəhərciklərində, eləcə də Bərdədəki yük vaqonlarında, Ağcabədidəki “Qızıl Ay” çadır şəhərciyində müvəqqəti məskunlaşmış 3823 məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. Köçürülmə işi Dövlətqaçqınkomun vəsaiti hesabına həyata keçirilir.
Yeni dərs ilində qəsəbələrdə 12 orta məktəb şagirdləri qəbul edəcək, musiqi məktəbləri, tibb məntəqələri, həkim ambulatoriyaları, xəstəxana-poliklinika, klub-icma mərkəzləri və digər sosial-məişət xidməti obyektləri fəaliyyət göstərəcəkdir.
Dövlət Neft Fondunun vəsaiti hesabına salınan qəsəbələrin hamısında bütün sosial-texniki infrastruktur yaradılmışdır. Məcburi köçkünlərin məşğulluğunu təmin etmək məqsədi ilə kiçik emal müəssisələrinin açılması da nəzərdə tutulmuşdur.