Agentlik: 104 nəfər Azərbaycan vətəndaşı Macarıstanda təhsil almaq hüququ qazanıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı illər üzrə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumuna əsasən, 2026/2027-ci tədris ili üçün 104 nəfər Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Macarıstan tərəfinin yekun seçim nəticələrinə əsasən, proqrama qəbul olunan namizədlərdən 11 nəfəri bakalavriat, 80 nəfəri magistratura, 13 nəfəri isə doktorantura səviyyəsində təhsil alacaq.
Tələbələr kompüter elmləri, data elmləri, maliyyə, beynəlxalq iqtisadiyyat və biznes, beynəlxalq münasibətlər, menecment, kimya mühəndisliyi və digər prioritet istiqamətlər üzrə ixtisaslaşacaqlar.
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində seçilmiş namizədlər Macarıstanın aparıcı ali təhsil müəssisələri sırasında yer alan Eötvöş Lorand Universiteti, Budapeşt Korvinus Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Obuda Universiteti, Debretsen Universiteti, Budapeşt İqtisadiyyat və Biznes Universiteti və digər ali məktəblərdə təhsil almaq imkanı əldə ediblər.
“Stipendium Hungaricum” təqaüd proqramı Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, gənclərin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını artırmasına, habelə ölkəmiz üçün prioritet sahələr üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.