“Ağıllı şəhər”lərin kiberdayanıqlılığının təmin olunması problemləri araşdırılır
Bakı, 7 dekabr, AZƏRTAC
“Ağıllı şəhər” cihazlarının 2025-ci ilədək 1 milyarda çatacağı proqnozlaşdırılır. İnternetə qoşulmuş bu cihazlar real vaxtda çoxlu məlumat generasiya edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında böyük elmi işçi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məlumat verib. O bildirib ki, “ağıllı şəhər” müasir texnologiyalardan istifadə edərək yüksək həyat keyfiyyəti təklif edən konsepsiyadır. Bu konsepsiya şəhərdə baş verən situasiyaları analiz edir, şəhərin inkişafını və həyat keyfiyyətini artırmağın texnoloji həllərini təklif edir.
Onun sözlərinə görə, “ağıllı şəhərlər” vətəndaşlar və şəhər mühiti üçün həyat və xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Onlar fiziki obyektləri real vaxt rejimində izləmək qabiliyyətinə malikdir və vətəndaşlara nəqliyyat, səhiyyə, “ağıllı” binalar, ictimai təhlükəsizlik, yol sistemi, “ağıllı” kommunal xidmətlər (su, qaz və işıq) haqqında məlumatlar verir.
M.Həşimov qeyd edib ki, “ağıllı şəhər” informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilsə də, müxtəlif təhlükəsizlik təhdidlərinə meyillidir. Bu konsepsiyanın geniş yayılması və tətbiqi ilə bağlı ən mühüm problemlərdən biri də məhz kiberdayanıqlılıq məsələləridir.
O, “ağıllı şəhər” konsepsiyasını əhatə edən xidmətlərin kritik əhəmiyyətə malik olduğunu, bu səbəbdən də onların təhlükəsizliyinə və etibarlılığına xüsusi tələblərin irəli sürüldüyünü də vurğulayıb. Bildirib ki, “ağıllı şəhər”in zəif cəhəti onun mərkəzləşdirilmiş infrastruktura malik olmamasıdır ki, bu da kiberhücumlara qarşı mübarizədə problemlər yaradır. Ona görə də hər bir “ağıllı şəhər” xidməti üçün hücum ssenarilərini və onların təsirlərini öyrənməklə, həmin hücumların qarşısını almaq üçün müxtəlif növ həllər tətbiq edilməlidir.