Ağrım-uğrum tökülsün, oda düşüb kül olsun - Od çərşənbəsi VİDEO
Lənkəran, 3 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Bu gün İlaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Xalq arasında “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.
Lənkəran rayon sakini, filologiya üzrə fəlsəfə doktoru, Bilal Alarlı AZƏRTAC-a bildirib ki, od, tonqal istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsində qazanlar qaynamalı, insanların ocağı boş qalmamalıdır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün azar-bezarı yandırırlar. Bu inanclar qədimdən nəsildən-nəslə ötürülərək bu günümüzədək gəlib çatıb. Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır.
Bilal Alarlı deyib ki, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir: “Od Azərbaycan xalqının inancında müqəddəs yer tutur. Xalq həmişə odla bağlı müxtəlif rituallar həyata keçirərək inanclar sistemi yaratmışdır. Odun tonqal şəklində rituallarda yer tapması isə xalqın qədim təsərrüfat və inancları ilə bağlıdır”.
İnsanlarda oda sevgi, inam o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən", "Ocağın odlu olsun", "Ocağın qazan görməsin". Filologiya üzrə fəlsəfə doktoru qeyd edib ki, oda inam təkcə tonqalla bitmir. Onun ətrafında olan ritual, yəni toplaşmaq bayram xüsusiyyəti daşıyır. İnsanlar tonqal qalayır və onun üstündən tullanaraq deyirlər: “Ağırlığım, uğurluğum burada qalsın”. “Ağırlığım” fiziki məna, “Uğurluğum” isə mənəvi keyfiyyət kəsb edir. Bu ritual insanın paklanmasına xidmət edir. Yaxud “Ağrım-uğrum tökülsün, oda düşüb kül olsun”.
Çərşənbə axşamında evlərdə süfrə açılır, xonça bəzənir, şamlar yandırılır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şən keçirməyə can atır. Filoloq vurğulayıb ki, bu çərşənbədə daha böyük tonqallar qalanır, atəşfəşanlıq olur, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanırlar. Bununla da köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar. İnsanlar bir qayda olaraq bu bayramda tonqalların ətrafına yığışaraq arzu və diləklərini söyləyirlər.
Od çərşənbəniz mübarək!