Ağstafada Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi qeyd olunub
Ağstafa, 20 noyabr (AZƏRTAC). AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21 illiyi münasibətilə Ağstafa şəhərində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
Sonra YAP rayon təşkilatının sədri Ramiz Tatarov məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, 1992-ci ilin noyabr ayında Naxçıvanda ağır şəraitdə, böyük təzyiqlər altında yaranan təşkilat çox qısa müddətdə ümumxalq partiyasına çevrildi. YAP o zamankı hakimiyyətə müxalif siyasi qüvvə kimi yaransa da, sonradan xalqın dəstəyi ilə təkmilləşdi, sıraları genişləndi, ümumxalq partiyasına çevrildi. Partiyanın siyasi kursunun mayasında xalqa, dövlətə xidmətin dayanması, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı uğurlu addımlar onun gələcəyinə inamı artırdı, tərkibinin həm kəmiyyət, həm də keyfiyyət baxımından möhkəmlənməsinə səbəb oldu.
Məruzəçi YAP-ın yaranmasında və ümumxalq partiyasına çevrilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açaraq bildirmişdir ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.
Məruzə ətrafında Şəhanə Osmanova, Firdovsi Heydərli, Akif Abbasov, Mayıl İsmayılov və başqaları çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilmiş YAP-ın Azərbaycan dövlətçiliyinin qorunmasındakı tarixi xidmətlərindən danışmışlar.