Ağsuda şəhid İsmət İmanovun xatirəsi anılıb
Ağsu, 19 mart, AZƏRTAC
Ağsu rayonunun Ərəbmehdibəy kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İsmət Qismət oğlu İmanovun kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmət Ərəbmehdibəy kəndinin Vətən müharibəsində tək şəhid övladıdır. O, 1988-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə həqiqi hərbi xidmətə gedib, öz xidməti borcunu ləyaqətlə başa vurduqdan sonra kəndə qayıdıb. Keçən ilin sentyabrın 27-də Vətən müharibəsi başlayandan 3 gün sonra könüllü olaraq cəhbəyə gedib, düşmənə qarşı vuruşub. Noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.
Rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil aldığı kənd tam orta məktəbinin kollektivi İsmətin məzarı üzərinə əklillər və qərənfillər düzüb, şəhidin ruhuna dualar oxuyublar. Məktəblilər Vətənə, Azərbaycan əsgərinə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
İsmətin müəllimi Solmaz Həsənova AZƏRTAC-ın bölgə müxbirinə onun haqqında danışarkən deyib: Mehriban, zirək və vətənpərvər oğlan olan İsmət sevimli şagirdlərimdən idi. Dərs dediyim Azərbaycan dili və ədəbiyyatı fənnini çox sevirdi. Vətən müharibəsi başlananda könüllü olaraq cəhbəyə getdi. Təəssüf ki, qazanılan tarixi qələbəmizin sevincini yaşaya bilmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.