AĞSUDA TARİXİ QAYIDIŞIN İLDÖNÜMÜ TƏNTƏNƏLİ SURƏTDƏ QEYD EDİLMİŞDİR
Görkəmli dövlət və siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixinin ən parlaq, ən şanlı səhifələrindəndir. Bu tarixi hadisə, əslində, Azərbaycanı xaosdan, məkirli düşmənlərimizin onu parçalamaq kimi bəd əməllərindən xilas etdi və müstəqil, sivil dövlət quruculuğu yoluna çıxardı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 13-də Ağsuda rayon ictimaiyyəti nümayəndələrinin Milli Qurtuluş gününə həsr edilmiş təntənəli yığıncağında səsləndirilmişdir.
Təntənəli yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmış, təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Akif Mirzəyev “Tarixi qayıdış və xalq qurtuluşu” mövzusunda məruzə etmiş, çıxışlar olmuşdur.
Natiqlər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti təhlil edərək xalqımızın qəhrəman oğlu, zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışını mühüm tarixi hadisə kimi dəyərləndirmişlər. Qeyd etmişlər ki, məhz ulu öndərimizin fədakarlığı, siyasi uzaqgörənliyi, yorulmaz fəaliyyəti sayəsində qısa zamanda ölkədə vəziyyət sabitləşdi, dağılmış iqtisadiyyat bərpa olundu, bütün sahələrdə inkişaf meyilləri başlandı. Ən əsası isə, Azərbaycanın müstəqilliyi möhkəmləndi, beynəlxalq əlaqələri genişləndi, o, bölgədə nüfuz sahibi oldu.
Bu gün Azərbaycanın əldə etdiyi uğurları ulu öndərimizin məqsəd və istəklərinin bəhrəsi olduğunu bildirən natiqlər ümummilli liderin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyindən iftixarla söz açdılar. Belə bir fikir dönə-dönə vurğulandı ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da sivil, demokratik, zəngin dövlət quruculuğu yolunda inamla addımlayacaqdır.
Təntənəli yığıncağın iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.