AITF-2012 sərgisi 200-dən çox iştirakçı şirkəti bir araya gətirəcəkdir
Bakı, 18 mart (AZƏRTAC). Aprelin 12-dən 14-dək yay turizm mövsümü ərəfəsində, Bakıda “AITF” 11-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.
“İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, turizm sənayesi peşəkarlarının illik görüş yerinə çevrilmiş bu sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq, hava daşımaları, hoteldə yerləşdirmə və otaqların qabaqcadan sifarişinə (bronlaşdırma) qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdiriləcəkdir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən daim dəstəklənir. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “AITF” sərgisinin rəsmi hava daşıyıcısı qismində çıxış edir. Artıq ardıcıl olaraq ikinci ildir ki, “SW Travel” (Azərbaycan) şirkəti “AITF” sərgisinə sponsorluq edir. Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” və onun Qafqazdakı tərəfdaşı “İteca Caspian LLC” şirkətləridir.
“AITF-2012” sərgisi turizmlə bağlı eksklüziv təkliflərini təqdim etməyə hazır olan 200-dən çox iştirakçı şirkəti bir araya gətirəcəkdir. Hazırda sərgi 60-dan çox turizm istiqamətini, 15 milli ekspozisiyanı və 28 iştirakçı ölkəni təqdim etməklə, “Bütün dünya - bir sərgi” devizini tam doğruldur. Artıq ardıcıl olaraq üçüncü ildir ki, Türkiyə “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir və bu dəfə də geniş stendində ölkənin potensialını nümayiş etdirəcəkdir. Bolqarıstan isə ilk dəfə olaraq qonaq ölkə statusunda iştirak edəcəkdir.
Sərgidə Gürcüstan, Sloveniya, Çexiya, və Dubay milli ekspozisiyalarını nümayiş etdirəcəkdir. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirəcəkdir. İştirakçı-debütantların siyahısına Litvanın SPA Assosiasiyası, Sloveniyanın “Wellness & SPA” regional idarəsi və bir sıra digər profilli təşkilatlar daxildir. Sərgidə ekzotik istiqamətləri təqdim edən ölkələrin iştirakı artıq bir ənənəyə çevrilmişdir. Bu il isə həmin istiqamətlər Mavriki, Malayziya, Seyşel, Tailand və bir sıra digər ölkələr tərəfindən təqdim olunacaqdır.
Ümumdünya Turizm Təşkilatının “AITF-2012” sərgisində iştirakı beynəlxalq təşkilatların Azərbaycan turizm sərgisinə maraq göstərməsi faktını bir daha təsdiqləyir. Bu aparıcı beynəlxalq təşkilat uzun illər boyu Azərbaycan turizm sərgisinin keçirilməsini dəstəkləmişdir. Bu il isə Ümumdünya Turizm Təşkilatı sərgidə stendi ilə iştirak edəcəkdir.