Akademik İsa Həbibbəyli: Azərbaycan-Moldova ədəbi əlaqələri uğurla davam edir
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Moldova Ədəbiyyatı Günləri çərçivəsində bu ölkənin görkəmli mədəniyyət və ədəbiyyat nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanda Moldovanın Ədəbiyyatı Günlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib, ölkələrimiz arasında mədəni əlaqələrin uğurla davam etdirildiyini söyləyib.
Akademik İ.Həbibbəyli Azərbaycan-Moldova ədəbi əlaqələrindən söz açıb, iki ölkə arasında dostluq münasibətlərinin bu gün də yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan və Moldova xalqlarının tarixində və mədəniyyətində bir sıra oxşarlıqların olduğu qeyd edilib. Alim müvafiq sahədə innovativ layihələrin həyata keçirilməsi məqsədilə iki ölkənin elmi qurumları arasında müqavilənin imzalanmasının, kadr və təcrübə mübadiləsi aparılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Akademik cari ildə Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin qeyd olunacağını nəzərə çatdırıb, bu elm müəssisəsinin tarixi, əsas fəaliyyət istiqamətləri, burada aparılan elmi-tədqiqat işləri, görkəmli alimlər haqqında məlumat verib. Bildirilib ki, institutda bir çox xarici ölkələrin, o cümlədən Moldovanın ədəbiyyatının öyrənilməsi ilə bağlı tədqiqatlar aparılır.
Ədəbiyyat sahəsindəki əməkdaşlıqdan söz açan akademik İ.Həbibbəyli Azərbaycan yazıçılarının bir sıra əsərlərinin moldovan dilinə, Moldova yazıçılarının əsərlərinin isə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunduğunu bildirib.
Moldovanın ölkəmizdəki səfiri George Leuka ölkəsi ilə Azərbaycan arasında çoxillik tarixi olan dostluq əlaqələrindən söz açıb. Bildirilib ki, bugünkü görüş iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf etməsinə imkan yaradacaq.
G.Leuka Moldova Ədəbiyyatı Günlərinin əhəmiyyətini qeyd edib, layihə çərçivəsində “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanmasının, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusunun, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının müzakirəsinin və təqdimatlarının, habelə Moldova poeziya gecəsinin keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Səfir bildirib ki, Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.
Moldova Respublikasının təhsil, mədəniyyət və tədqiqatlar nazirinin kabinet rəhbəri Georq Postike, Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu və digər çıxış edənlər Moldova Ədəbiyyatı Günlərinin iki ölkə arasında ədəbi və mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını, birgə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.