Aktauda təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının ildönümü ilə bağlı anma mərasimi keçirmişlər
Aktau, 25 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğunun dəstəyi ilə şəhərin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr “Xocalıya ədalət” kampaniyası çərçivəsində anma mərasimi keçirmişlər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Diasporumuzun üzvlərinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş, ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri cinayətlərdən danışmışdır.
Diplomat faciə ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasının həyata keçirildiyini nəzərə çarpdırmışdır.
Tələbələr adından Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Əli Əlabbasov, Manqistau vilayətindəki Turizm Kollecinin tələbəsi İndiana Musayeva və başqaları ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımının insanlığa qarşı cinayət olduğunu bildirmişlər. Vurğulanmışdır ki, bu faciə haqqında düzgün və ətraflı məlumat beynəlxalq ictimaiyyətə, o cümlədən Qazaxıstan gənclərinə çatdırılmalıdır.
Mərasimdə www.justiceforkhocaly.org. saytı haqqında məlumat verilmiş və Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
Sonra tələbələr “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədi ilə Qazaxıstanın Qərb bölgələrində əlaqələndirmə qrupunun yaradılması barədə qərar qəbul etmişlər. Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Əli Əlabbasov bu qrupun rəhbəri seçilmişdir.
Mərasim iştirakçıları Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi tanınması ilə bağlı müraciəti də imzalamışlar.
Diqqətə çatdırılmışdır ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə, dünyanın aparıcı ölkələrinin dövlət başçılarına və parlamentlərinə də faciə haqqında ətraflı materiallar göndərilməlidir.
Mərasimdə “Xocalıya ədalət” klipi nümayiş etdirilmişdir. Bundan əlavə, iştirakçılar qanlı faciədən bəhs edən foto və kitablardan ibarət sərgiyə baxmış, onlara “Xocalıya ədalət” kampaniyasının loqosu ilə döş nişanları təqdim olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
######
