Aktauda “Xocalıya ədalət” kampaniyası çərçivəsində mərasim keçirilmişdir
Aktau, 24 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Mərasim keçirilən salonda Xocalı soyqırımı faciəsini əks etdirən fotosərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilmişdir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilmiş mərasimdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov 19 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı haqqında danışmış, ermənilərin əsrlər boyu xalqımıza qarşı apardığı soyqırımı siyasəti barədə ətraflı məlumat vermişdir.
Baş konsul Xocalı soyqırımı ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası haqqında da ətraflı danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verən R.Məmmədov Ermənistan tərəfinin məsələnin həllində tutduğu qeyri-konstruktiv mövqeyi də mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
Məngistan vilayətində fəaliyyət göstərən “Dostluq” Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev, sədrin müavini Bəxtiyar Məsimov, Aktau şəhərinin fəxri sakini, soydaşımız Cəmil Həbibov Ermənistan silahlıları tərəfindən Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımını insanlığa qarşı törədilmiş bir cinayət kimi qiymətləndirmişlər.
Baş konsulluğun vitse-konsulu Emil Muradzadə mərasim iştirakçılarına www.justiceforkhocaly.org İnternet səhifəsi haqqında məlumat verərək, beynəlxalq təşkilatların rəhbərlərinin, dünyanın aparıcı ölkələrin dövlət başçılarının və parlamentlərinin Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınmasına dair saytın keçirdiyi kampaniyaya qoşulmağının vacibliyini vurğulamışdır.
Sonda Xocalı faciəsi ilə bağlı sənədli film göstərilmişdir.
Mərasimdə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, bir çox diaspor təşkilatlarının rəhbərləri, Aktau ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
######
