SİYASƏT
Aleksandar Vuçiç: COP29 iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq üçün unikal imkan təqdim edir
Belqrad, 11 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gələcək beynəlxalq əməkdaşlıq üçün unikal imkan təqdim edir.
AZƏRTAC xəbər verir ki, bunu COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç rəsmi sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Aleksandar Vuçiç Azərbaycanın ev sahibliyi etdiyi COP29-un ən mühüm qlobal iqlim dəyişikliyi tədbirlərindən biri olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edən Aleksandar Vuçiç deyib: “Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdən və mükəmməl ümumi əməkdaşlıqdan danışdıq ki, bu da çoxsaylı birgə infrastruktur layihələri və iki xalq arasında dostluq münasibətlərində əksini tapır. Biz qlobal iqlim gündəliyi üçün vacib olan əsas məsələlərə və COP29 çərçivəsində iddialı məqsədlərə nail olmağın vacibliyinə baxdıq. Mən ekoloji standartları təkmilləşdirmək və gələcək nəsillər üçün davamlı gələcək yaratmaq üçün qardaş Azərbaycanla birgə işləmək imkanının olmasından məmnunluğumu bildirdim”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad