ALİ ATTESTASİYA KOMİSSİYASINDA
Oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında akademik Arif Mehdiyevin sədrliyi ilə kollegiya iclası keçirilmişdir. Kollegiyada yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası ilə əlaqədar bir sıra mühüm məsələlər müzakirə olunmuş, AAK-nın yeni Əsasnaməsinin layihəsinin hazırlanması məsələsinə baxılmış və bu məqsədlə işçi qrupu yaradılmışdır.
Alimlik dərəcələri və elmi adların verilməsi ilə baglı məsələlər, o cümlədən dissertasiya materiallarının çap olunması üçün elmi jurnalların siyahısının müəyyən edilməsi, namizədlik minimumu imtahanlarının verilməsi, müdafiə və ekspert şuralarının işinin daha yaxşı təşkil olunması kimi məsələlər nəzərdən keçirilmişdir.
Kollegiyada 17 əcnəbi vətəndaşa elmlər namizədi alimlik dərəcəsinin verilməsi haqqında vəsatətlərə də baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
Kollegiya iclasında alimlik dərəcəsi və elmi ad almaq üçün AAK-a daxil olmuş çoxsaylı attestasiya işlərinin tezliklə, operativ şəkildə həll edilməsi qərara alınmışdır.