ALİMLƏR COKONDANIN TƏBƏSSÜMÜNÜN SİRRİNİ TAPMIŞLAR
Beş yüz ildir ki, Cokondanın təbəssümü sənətşünasları, tarixçiləri, alimləri və sadəcə sənətsevərləri sakit buraxmır. Jurnal yazır: “İndi rəsmən demək olar ki, Leonardo da Vinçinin tablosunda Mona Liza 83 faiz xoşbəxt, 9 faiz ikrah hissi keçirən, 6 faiz vahiməli və 2 faiz qəzəbli qadın olmuşdur”.
Dünyada ən məşhur qadın təbəssümünün mənasının açılması emosiyalar müəyyən edə bilən yeni kompüter proqramı sayəsində mümkün olmuşdur. Bu proqramı İllinoys Universiteti (ABŞ) alimlərinin dəstəyi ilə Amsterdam Universitetinin (Niderland) alimi Niku Sebe hazırlamışdır.
Urbana-Champaign adı verilmiş alqoritm sifətin əsas cizgilərini, xüsusilə dodaq büküklərini və gözlərin ətrafındakı qırışları təhlil edir, sonra sifəti emosiyaların altı əsas qrupu üzrə qiymətləndirir.
Proqramçılar hər hansı təhlilin başlanğıc nöqtəsinin formalaşdırılması üçün çoxsaylı qadın fotoşəkilləri əsasında “bitərəf sifət” etalonunu da hazırlamışlar.
Leonardo da Vinçi bu portreti 1503-1506-cı illər arasında çəkmişdir. Ehtimal ki, portretdə florensiyalı Françesko del Cokondanın xanımı təsvir edilmişdir.
Hazırda əsər Luvrda gülləkeçirməyən şüşə arxasında saxlanılır.