ALİYƏ QARAYEVA ABŞ-DA KEÇƏN TURNİRDƏ ALTINCI YERİ TUTMUŞDUR
Azərbaycan gimnastı Aliyə Qarayeva Los-Ancelesdə keçirilmiş LA Lights Tournament of Champions çoxnövçülük turnirində 6-cı yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iplə son çıxışdan sonra onun yekun nəticəsi 62,125 bal olmuşdur.
Bu arada Azərbaycanın qrup hərəkətləri komandası Bakıda Bolqarıstan mütəxəssisi Mariana Vasilyevanın başçılığı altında təlim-məşq toplanışlarını başa çatdırmışdır. Avropa birinciliyinin gümüş və bürünc mükafatçısı Filipa Siderova onun yetirməsidir. Bundan əlavə, M.Vasilyeva ötən il Bakıda keçirilmiş Avropa çempionatında Bolqarıstanın yeniyetmələrdən ibarət qrup komandasına gümüş medal qazandırmışdır.
Məşqçinin fikrincə, təlim-məşq toplanışları iyunda İtaliyada keçiriləcək Avropa çempionatı ərəfəsində çox əhəmiyyətlidir.
M.Vasilyeva demişdir: “Ona görə də növbəti məşqləri fevral-mart aylarında Sofiyada, “Levski” klubunda keçirməyi təklif etmişəm. Qrupun Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət əsas heyəti ilə Dina Qorina və Leyla Şamilova da məşq edəcəklər. Zənnimcə, yaxşı komandadır, hərəkətlər təkmilləşdirilir, yeni elementlərlə tamamlanır, bir sözlə, işləyib peşəkarlığımızı artıracağıq”.
Xatırladaq ki, Avropa birinciliyi yarışlarında yaşlı idmançılardan və qrup komandalarından başqa, yeniyetmə gimnastlar da iştirak edəcəklər. Bununla əlaqədar yığmanın məşqçiləri baxış keçirmək və ikihəftəlik təlim-məşq toplanışlarında iştirak üçün 9 gimnast, o cümlədən Səidə Abdullayeva, Cəmilə Hüseynova, Esmira Orucova (hamısı 1993-cü il təvəllüdlü), Nigar Əbdüsəlimova, Səbinə Abbasova, Aelita Xələfova, Yergeniya Jidkova, Nərgiz Əliyeva (hamısı 1994-cü il təvəllüdlü) və Kamilə Məmmədovanı (1995-ci il təvəllüdlü) dəvət etmişlər.