Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə nümayəndəsi ombudsmanın fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktorunun müavini Samuel Heldi ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ombudsman S.Əliyeva qonağa insan hüquqlarının müxtəlif sahələri üzrə fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, müasir dövrün tələblərinə uyğun olaraq Ombudsman təsisatı şikayət və ərizələrin qəbulu və ictimaiyyətin məlumatlandırılması prosesində informasiya texnologiyaları vasitələrindən istifadəyə üstünlük verir.
Təsisatda yeni yaradılan Çağrı Mərkəzinin fəaliyyətinə toxunan Ombudsman həmin mərkəz tərəfindən həftənin bütün günləri 24 saat vətəndaşların müraciətlərinin qəbulunun həyata keçirildiyini qeyd edib. Müraciətlərin həmçinin e-mail, poçt, faks və sosial şəbəkələr vasitəsilə də qəbul olunduğu diqqətə çatdırılıb.
Ombudsman təsisatının beynəlxalq təşkilatlar ilə əməkdaşlığı haqqında danışan S.Əliyeva qeyd edib ki, bu fəaliyyət çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı və ayrı-seçkiliklə mübarizə sahələrində yeni təcrübələrin öyrənilməsi istiqamətində də işlər davam etdirilir.
Görüşdə müvafiq istiqamətlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib.