ALMANİYA İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ STRATEGİYASINI HƏYATA KEÇİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki,terrorizmin bu təhlükəli növlərinə qarşı bütün Almaniya federal ərazisində genişmiqyaslı mübarizə əməliyyatları keçirən hüquq mühafizə orqanları və terrorizmlə mübarizə aparan xüsusi polis dəstələri ölkə ərazisində insan alveri ilə məşğul olan mərkəzlərin və burada çoxdan kök salaraq narkobiznesçilərlə əlbir fəaliyyət göstərən cinayətkar qruplaşmaların yuvalarının aşkar edilib ifşa olunmasına yönəldilmiş əməliyyatlara ölkənin Nordrayn Vestfalen federal əyalətindən başlamışlar.Əyalətin Düsseldorf,Bonn,Köln,Dortmund,Boxum və digər iri şəhərlərində eyni vaxtda keçirilən əməliyyat tədbirləri nəticəsində insan alveri ilə bağlı 118 cinayət faktı aşkar olunmuşdur.Məlum olmuşdur ki,həmin şəhərlərdə rəsmi dövlət qeydiyyatında olan və əyləncə mərkəzləri kimi fəaliyyət göstərən barlar,klub və gecəqondu bordellərində insan alverinin qurbanı olmuş adamlar gizli saxlanılır və "məcburi əməyə" cəlb olunmuşlar.
Qeyri-legitim yollarla Almaniya ərazisinə gətirilən və bu ölkədə narkobiznesçi dəstələrin və insan alverçilərinin toruna düşən bu insanların əksəriyyəti Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən "ezam olunmuş" qadınlar və gənc qızlardır.Onlar gizli yaşayış yerlərində məskunlaşdırılmış və fahişəlikdən başqa, digər əmək növlərinə cəlb olunmamışlar.
İnsan alverinin və narkobiznesin kök saldığı bu təhlükəli mərkəzlərdə cinayətkar dəstələr aşkar edilmiş,onlara məxsus külli miqdarda narkotik maddə və valyuta ehtiyatı müsadirə olunmuşdur.
Polisin məlumatlarına görə,federal əyalətin Köln şəhəri narkobiznesin və xüsusilə insan alverinin ən canlı,qaynar nöqtəsi kimi müəyyənləşdirilmişdir.