Almaniya ÜST-nin tütün əleyhinə tövsiyələrini reallaşdırmaq üçün çox tədbir görməlidir
Berlin, 1 avqust, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunur ki, ildən-ilə daha çox ölkə tütün əleyhinə tədbir görür. Eyni zamanda, Almaniya hökuməti son zamanlar böyük nailiyyətlərdən danışa bilmir. Bu ölkə tütün istehlakı ilə mübarizədə “problemli” ölkədir və bu mövzuda Avropada geridə qalan ölkələrdən biri kimi qeyd olunur. Ekspertlər alman siyasətçilərinin tütün ilə mübarizədə tədbirləri nə üçün belə ləng gördüyünü dərk edə bilmirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-nin Sağlamlığın möhkəmləndirilməsi məsələləri departamentinin rəhbəri Rüdiqer Kreç “DPA” agentliyinə müsahibəsində bildirib. Bu yaxınlarda onun təşkilatı daha çox ölkənin tütün əleyhinə tədbir gördüyünü məruzə edib. Tütün epidemiyası haqqında yeni hesabata əsasən, 5,6 milyard insan ÜST tərəfindən siqaret çəkməyən insanların müdafiəsi üçün tövsiyə olunan tədbirlərdən heç olmasa birinin reallaşdırıldığı ölkələrdə yaşayır. Onlara daxildir: siqaret qutularında siqaret çəkməyin ziyan olduğu haqqında ciddi xəbərdarlıqlar, reklamın qadağan edilməsi, ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi və tütün məmulatlarına yüksək vergi tutulması. Bütün dünyada ən çox yayılan tütün əleyhinə tədbir qutularda əksini tapan çirkin şəkillərdir: hazırda belə qaydalar əhalisi 4,5 milyard insan olan 103 ölkədə qüvvədədir.
ÜST-yə görə, Almaniyada bir neçə element çatışmır. “Siqaretə olan qiymətlərin son artımı inflyasiya səviyyəsindən aşağıdır və nəticədə siqaret çəkməyi daha ucuz edir”, - deyə Kreç vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin