Almaniyada 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar aksiya keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Gənclər Assosiasiyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Berlindəki Brandenburq darvazası önündə etiraz aksiyası keçirmişlər.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, aksiya iştirakçıları erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən məlumatlar paylamış, plakatlar və şüarlarla alman ictimaiyyətinin, eləcə də turistlərin diqqətini bu qanlı hadisələrə cəlb etməyə çalışmışlar. Aksiyaçılar yerli sakinlərə bu faciənin tarixindən bəhs etmişlər.
Avropa Azərbaycanlıları Konqresi 31 mart soyqırımı ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinə, Parlamentin üzvlərinə, Almaniyanın və digər Avropa ölkələrinin müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərmişlər. Alman və ingilis dillərində hazırlanmış açıqlamada 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı, etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilir və aradan 96 il keçməsinə baxmayaraq, bu cinayətlərə hələ də hüquqi qiymətin verilməməsi vurğulanır. Sənəddə erməni millətçilərinin cəzasızlıqdan ruhlanaraq Azərbaycan xalqına qarşı yeni kütləvi qırğınlar törətdikləri, 1992-ci ildə isə Xocalı soyqırımını həyata keçirdikləri diqqətə çatdırılır.
Avropa Azərbaycanlıları Konqresi terrorizmlə beynəlxalq miqyasda mübarizəni qarşıya məqsəd qoymuş dünya ictimaiyyətindən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qətliamlara obyektiv siyasi hüquqi qiymət verməyi tələb edir. Eyni zamanda, təşkilat nüfuzlu beynəlxalq qurumları Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, qondarma “erməni soyqırımı”nı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırır.