Almaniyada humus mağazalardan yığışdırılır
Berlin, 9 aprel, AZƏRTAC
Almaniyada humus təcili qaydada mağazalardan yığışdırılır. AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları bu məhsulu sevən almanları mühüm informasiya ilə tanış olmağın zəruriliyi barədə xəbərdar edib. Xəstəlik yaradan bakteriya növbəti dəfə Almaniya Federal İstehlakçıların Hüquqlarının Müdafiəsi və Qida Məhsullarının Təhlükəsizliyi İdarəsini (BVL) hərəkətə keçirib.
“Heinrich Kühlmann GmbH” kompaniyası müştərilərdən mağazalardan yığışdırılan humusdan istifadə etməməyi xahiş edib. Onun yaydığı məlumatda bildirilir ki, bu məhsulda fərdi nümunədə salmonella aşkar edilib. Federal İstehlakçıların Hüquqlarının Müdafiəsi və Qida Məhsullarının Təhlükəsizliyi İdarəsi məhz bu səbəbdən istehlakçıları həmin virusa yoluxmaqla bağlı xəbərdar edib. Federal Səhiyyə Təhsili Mərkəzi (BZgA) bildirir ki, bu, istehlakdan bir neçə gün sonra özünü ishal, qarın ağrısı, bəzən qusma və temperaturun bir qədər yüksəlməsi kimi əlamətlər şəklində göstərir. Simptomlar adətən bir neçə gündən sonra öz-özünə yox olur. Bununla belə, nadir hallarda, xüsusən də immuniteti zəif olan insanlarda qan axını infeksiyası (sepsis), bəzən yüksək hərarət kimi ciddi xəstəliklər baş verə bilər.
Federal İstehlakçıların Hüquqlarının Müdafiəsi və Qida Məhsullarının Təhlükəsizliyi İdarəsinin məlumatına görə, humus Baden-Vürtemberq, Bavariya, Maklenburq-Ön Pomeraniya, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalts və Şlezviq-Qolşteyn federal torpaqlarında satılırdı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin