Almaniyada qaz qıtlığı təhlükəsi minimuma endirilib
Berlin, 11 yanvar, AZƏRTAC
Bu il Almaniyada yanacaq qıtlığı gözlənilmir. Hətta Rusiya tərəfindən “Köhnə Dünya” ölkələrinə təbii qaz tədarükü tamamilə dayandırılacağı təqdirdə də narahat olmağa dəyməz.
AZƏRTAC xəbər verir ki, bu gün alman qəzetləri, o cümlədən “Bild” nəşri bu barədə yazır. Müvafiq materiallarda bildirilir ki, bu qış da ölkədə qaz çatışmazlığı təhlükəsi sovuşub. Hətta isitmə mövsümünün sonuna qədər havalar çox soyuq olsa belə, Almaniya qaz anbarlarının növbəti qış üçün doldurulması məsələsində təşvişə düşməyə əsas yoxdur. Rusiya Avropa İttifaqına daxil olan bütün ölkələrə boru kəmərləri vasitəsilə qaz tədarükünü tamamilə dayandıracağı və Avropa terminallarına maye təbii qaz axını əhəmiyyətli dərəcədə azalacağı halda da qaz anbarlarını 100 faiz doldurmaq mümkün olacaq.
Belə nikbinliyin bir səbəbi də ondan ibarətdir ki, Almaniyada “start vəziyyəti” çox münasibdir. İş burasındadır ki, cari ilin əvvəlində Almaniyanın yeraltı qaz anbarları 91 faiz doldurulub. Ölkə hökumətinin sakinlərə müraciətlə qazdan qənaətlə istifadə etmək çağırışına almanların vicdanlı reaksiyası da az rol oynamayıb. Bu mənada həm müəssisələr, həm də ev təsərrüfatları fərqlənib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin