SİYASƏT
ALMANİYADAKI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ BİRGƏ FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 5 aprel (AZƏRTAC). Berlində, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Alman-Azərbaycan Forumu (AAF) və Almaniyadakı diasporun birgə fəaliyyətinin perspektivləri” mövzusunda görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Alman-Azərbaycan Forumunun sədri Otto Hauzer iştirak etmişlər. AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılovanın Diasporla İş Üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, səfir P.Şahbazov çıxışında Almaniya-Azərbaycan münasibətləri, diaspor təşkilatlarının bu münasibətlərin inkişafına verdiyi töhfələr, Azərbaycan icmalarının fəaliyyətinin daha da yüksək səviyyəyə qaldırılması zərurəti haqqında danışmışdır. Otto Hauzer isə Alman-Azərbaycan Forumunun fəaliyyəti, forumun diasporla bağlı işinin ümumi məqsədləri, gələcək layihələrin səmərəli koordinasiyası barədə fikirlərini bölüşmüşdür.
Sonra görüşdə iştirak edən cəmiyyət sədrləri diaspor təşkilatlarının fəaliyyəti, onlar arasında işbirliynin daha da təkmilləşdirilməsi və digər aktual mövzularla bağlı çıxış etmişlər. Cəmiyyət rəhbərlərinin bir sira məsələlərlə bağlı sualları cavablandırılmış, müzakirələrdə yeni ideyalar və fəaliyyət istiqamətləri araşdırılmışdır.
Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya, Alman-Azərbaycan Forumunun sədr müavini Professor Reza Talebi-Daryani, AAF-ın icraçı direktoru Parviz Yazdani, Berlin-Baki Rəsm Qalereyasının rəhbəri İbrahim Əhrari, rəssam Məsud Pənahi, Avropa Azərbaycanlılar Cəmiyyətinin direktoru Şahin Namati və digər diaspor fəalları iştirak etmişlər.
######