Almaniyanın erməni icmasının arzusu gözündə qaldı
Berlin, 17 sentyabr, AZƏRTAC
Almaniya ermənilərinin öz “qüdrətini” nümayiş etdirmək cəhdi tam uğursuzluqla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Almaniya paytaxtının erməni icması Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında nümayiş keçirmək və yaxınlıqdakı şəhərlərin sakinlərini, habelə almanların özlərini və digər icmaların nümayəndələrini də həmin nümayişə cəlb etmək niyyətində idi.
Ermənilərin belə “bədən hərəkətləri” Azərbaycandan ötrü yenilik deyildi. Buna görə səfirliyin kollektivi ermənilərin növbəti hoqqabazlığına hərtərəfli hazırlıq görmüş, “qonaqları” qarşılamaq üçün erməni dövlətinin terrorçu xarakterini ifşa edən posterlər hazırlayıb səfirliyin binasının fasadında və hasarında asmışdı.
Yəqin ermənilər özləri də heyrətləndi ki, aksiyanın başlandığı saatda erməni “fəalları” əvvəlcə altı nəfərdən ibarət heyətlə gəldi, tədbirin kulminasiya anında isə, onların sayı cəmi ikiqat artdı.
Nə deyəsən, Almaniya ermənilərinin “qüdrəti” bundan ibarətdirsə, əlavə şərhə ehtiyac yoxdur.
Lakin ən gülməli məqam başqadır. Bu klounadanın təşkilatçılarının məqsədi Azərbaycanı “ifşa etmək” idi. Onlar səfirliyin yanına müvafiq posterlərlə gəlmişdi, lakin nəticə tam əksinə oldu. Səfirliyin hazırladığı kontrposterlər faktiki olaraq Ermənistanın özünü ifşa etdi. Adi günlərdə səfirlik binasının fasadında belə plakatlar asılmır, indi isə Berlinin “qayğıkeş” ermənilərinin “sayəsində” hələ bir müddət səfirliyin hasarında və divarında asılacaq bu plakatlar oradan keçən almanları maarifləndirəcək. Hətta bu məzhəkənin təşkilatçısı olan Lilit Koçaryan soyadlı birisi (soyadı çox müəmmalıdır) aksiyadan sonra yazdığı tvitdə şok keçirməsini gizlədə bilməyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin