Almaniyanın Gənclər Birliyi: ATƏT-in Minsk qrupu yekdil həll yolunu tapmalıdır
Bakı, 25 aprel, AZƏRTAC
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə əlaqədar Almaniyanın Gənclər Birliyi (Junge Union) təşkilatının rəhbəri Paul Ziemak və təşkilatın Beynəlxalq Komissiyasının sədri Younes Ouaqasse birgə açıqlama veriblər.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, açıqlamada bildirilir ki, Ermənistan və Azərbaycan arasında onilliklərlə davam edən münaqişə son günlər zorakılıq hallarının artması ilə intensivləşdi. Biz bir daha münaqişənin sülh yolu ilə həll olunmasına çağırırıq. Cənubi Qafqazda sabitliyin bərqərar olunması Almaniyanın marağındadır.
Münaqişənin aradan qaldırılması üçün danışıqları istiqamətləndirən və Almaniyanın da üzv olduğu ATƏT-in Minsk qrupu, nəhayət, yekdil həll yolunu əldə etməlidir ki, bu da beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (882, 853, 874, 884) əsasən regiona sülh gətirəcək. Danışıqlar uğurlu olmazsa, Qafqazda yeni müharibə təhlükəsi yaranacaq.
Xatırladaq ki, “Junge Union” təşkilatının 2012-ci il oktyabrın 5-7-də Berlində keçirilən illik konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilib. Sənəddə təşkilat Almaniya hökumətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunması üçün ATƏT, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təxirə salınmadan təmin etmək üçün öz beynəlxalq səylərini gücləndirməyə çağırıb.