Alparslan İmamqulu: Minatəmizləmə yalnız bizim ölkənin məsuliyyəti olmamalıdır
Bakı, 27 may, Ayla Aktar, AZƏRTAC
Azərbaycan torpaqlarının otuz illik işğalı dönəmində Ermənistan bir çox cinayətlər törədib. Bu cinayətlərdən biri də ərazilərimizin minalarla çirkləndirilməsi siyasətidir. Ermənistan buna görə Azərbaycan tərəfinə böyük məbləğdə təzminat ödəməlidir. Bu məsələ beynəlxalq hüquq normativləri çərçivəsində həll edilməlidir. Əks halda, Ermənistan öz pis əməllərini törətməkdə davam edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri Alparslan İmamqulu deyib.
“İşğaldan sonrakı dönəmlərdə Ermənistanın 2021-ci il istehsalı olan minaların ərazilərimizə yerləşdirdiyini bir daha sübut etmiş olduq. Ərazilərin yenidən bərpası üçün minatəmizləmə prosesi olduqca vacib məsələdir. Minaların təmizlənməsi böyük məbləğdə vəsait tələb edir. Minatəmizləmə yalnız bizim ölkənin məsuliyyəti olmamalıdır. Eyni zamanda, Ermənistan, digər ölkələr, beynəlxalq ictimaiyyət bu məsuliyyəti bölüşməlidir. Dünya ölkələri minatəmizləmə ilə bağlı effektiv siyasət ortaya qoymalıdır, mina qurbanlarına yardım üçün layihələr təşkil etməlidir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), bir sıra mülki təşkilatların fəaliyyətinin təməl məqsədi qayıdış planı çərçivəsində insanlarımızın tez bir zamanda o ərazilərə qayıtması, orada sülh içində yaşamasıdır. İşğal dönəmində ermənilər mina xəritələrini verməməklə yanaşı, yeni əraziləri də çirkləndirdilər ki, bu ərazilərin mina xəritələri hələ də Azərbaycana təhvil verilməyib. Buna görə də müharibə cinayətləri törədən Ermənistan beynəlxalq hüquq çərçivəsində Azərbaycana təzminat ödəməlidir”, - deyə A.İmamqulu bildirib.