Alpinistlər üçün təlim-məşq toplantısı keçiriləcəkdir
Bakı, 21 iyun (AZƏRTAC). Azərbaycan Alpinizm Federasiyası (AAF) iyunun 23-dən 27-dək təlim-məşq toplantısı keçirəcəkdir. Toplantı “Azərbaycan alpinisti” adı və alpinizm üzrə üçüncü idman dərəcəsi verilməsi, habelə alpinizm üzrə birinci MDB çempionatında, Pamir və Himalay dağlarına qalxmaqda iştirak edəcək yüksək ixtisaslı idmançılar hazırlanması məqsədi ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, toplantıda AAF üzvü olan və ya onunla əməkdaşlıq edən klub və seksiyalardan 98 idmançı iştirak edəcəkdir.
Son 10 ildən artıq müddətdə respublikada gənc alpinistlərin bu cür genişmiqyaslı hazırlanması tədbiri ilk dəfə keçirilir. Gənc alpinistlər təsdiq edilmiş tədris proqramına uyğun olaraq təcrübəli təlimatçılar tərəfindən hazırlanacaqdır.
Təlim-məşq toplantısı iki mərhələdən ibarət olacaqdır. Birinci mərhələ Qızılqaya massivi rayonunda keçiriləcək, iştirakçılar Heydər zirvəsinə qalxacaqlar. İyunun 24-də və 25-də iki qrup halında təşkil ediləcək bu yürüş Azərbaycan Ordusu gününə həsr olunacaqdır. AAF prezidenti, bu yaxınlarda dünyanın hündürlüyünə görə ücünçü yeri tutan Konçencanqu zirvəsinə (8563 metr) uğurla qalxdıqdan sonra vətənə qayıtmış İsrafil Aşurlu məşq toplantısında şəxsən iştirak edəcəkdir.
Toplantının ikinci mərhələsini iyulun ortalarında Şahdağ-Bazardüzü zirvələri yaxınlığında keçirmək planlaşdırılır. Bu mərhələdə qarlı-buzlu relyefdə hərəkət üzrə məşğələlər və zaçot keçirilməsi nəzərdə tutulur.