AMADA beynəlxalq layihənin icrasına başlayıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazırlanmış beynəlxalq layihənin icrasına başlanılıb.
AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd dünyada antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı səviyyəsinin araşdırılmasıdır.
Həm ölkə daxilində, həm digər ölkələrdə Azərbaycan idmançılarının antidopinq sahəsində hüquqlarının qorunması və onların ədalətli dinləmə imkanlarının təmin edilməsi AMADA üçün hər zaman prioritet məsələdir. Xüsusilə, antidopinq icraatı zamanı idmançıların hüquqlarının təmin edilməsi və ədalətli qərarın çıxarılması onların gələcək karyerası baxımından vacibdir. Bu layihənin nəticəsi də bütün dünyada idmançıların ədalətli dinləmələrə çıxışının və qərarların qərəzsiz və müstəqil qaydada qəbul edilməsinin hansı dərəcədə olmasını müəyyən edəcək.
AMADA-nın direktoru, Avropa Şurasının İnsan Hüquqları üzrə Ekspertlər Qrupunun sədr müavini Şəfəq Hüseynlinin Antidopinq Konvensiyası Monitorinq Qrupunun ötən il dekabrın 17-18-də keçirilən 52-ci iclasında təqdim etdiyi layihə bütün iştirakçı dövlətlər tərəfindən müsbət qarşılanıb. Avropa Şurası layihəni dəstəkləyib, Şuranın əsas dəyərlərindən olan insan hüquqlarının qorunması istiqamətində bu layihənin gələcəkdə atılacaq addımlara mühüm töhfə olmasını vurğulayıb və bütün ölkələri layihədə iştirak etməyə çağırıb.
Antidopinq sahəsində idmançıların hüquqlarının təmin edilməsi üzrə ilk beynəlxalq irimiqyaslı araşdırma olan bu layihəyə AMADA beynəlxalq ekspertləri də cəlb edib. Layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan 60-dan çox milli antidopinq təşkilatını əhatə edir. Bu araşdırma idmançı hüquqlarının təmin edilməsinin keyfiyyət və kəmiyyət baxımdan qiymətləndirilməsinə, mövcud təcrübələrin öyrənilməsinə və icraat zamanı mövcud olan boşluqları və uyğunsuzluqları müəyyənləşdirməyə imkan verəcək. Əldə olunan məlumatlar ətraflı təhlil edilərək yekun hesabat hazırlanacaq və Avropa Şurası Monitorinq Qrupunun iclasında təqdim ediləcək.
Qeyd edək ki, AMADA idmançıların hüquqlarının qorunmasına hər zaman diqqət yetirir və bu sahədə müxtəlif addımlar atır. Belə ki, 2019-cu ildən etibarən AMADA-da pro bono (ödənişsiz) əsasında hüquqi yardım proqramı təsdiqlənib. Proqram çərçivəsində antidopinq qayda pozuntusunu törətməkdə təqsirləndirilən idmançılar intizam və apelyasiya icraatlarında hüquq şirkətlərinin nümayəndələri tərəfindən müdafiə və təmsil edilirlər. Bu müsbət təcrübə digər ölkələrin milli antidopinq təşkilatlarına da tövsiyə olunub.