AMEA-da “Vikipediya” təlimləri genişlənir
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada Respublika Seysmoloji Xidmət Mərkəzi, Tarix, Fəlsəfə və Sosiologiya, Şərqşünaslıq, Əlyazmalar institutlarının əməkdaşları, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun magistrantları üçün “Vikipediya” təlimlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, təlimlər Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən keçirilir.
Məqsəd AMEA-nın bütün institutlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işini görəcəklər. Təlimlərə könüllülər tərəfindən də böyük maraq var.
Qeyd edək ki, ötən aydan Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşları üçün keçirilən “Vikipediya” təlimləri yekunlaşıb. Artıq bir sıra məqalələr redaktə olunur. Yaxın günlərdə AMEA-nın digər institutlarının da könüllü əməkdaşlarına təlimlərin keçirilməsi nəzərdə tutulub.