AMEA əməkdaşının məqaləsi “Scopus” bazasına daxil olan jurnalda dərc edilib
Bakı, 8 iyun, AZƏRTAC
AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Xalq gülüş mədəniyyətinin universal-antropoloji strukturu” məqaləsi nüfuzlu “Scopus” elmi bazasında indeksləşmiş “Tənqidi rəylər jurnalı”nda dərc edilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, məqalədə xalq gülüş mədəniyyəti milli mədəniyyət sistemində universal-antropoloji modellərə əsaslanan və daha çox özünü bu modellər vasitəsilə funksionallaşdıran mədəni fenomen kimi araşdırılıb. Müəllif sosial-antropoloji prinsiplərə söykənən nəzəri-metodoloji yanaşma əsasında xalq gülüş mədəniyyəti obrazlarının, o cümlədən Molla Nəsrəddinin etnik-milli və universal-antropoloji olmaqla, iki səviyyə üzrə təhlili modelini təqdim edib. Xalq gülüş qəhrəmanlarının etnik-milli səviyyədə təhlili onun formalaşdığı mədəni mühitin özəllikləri ilə, universal-antropoloji xüsusiyyətləri isə təbiət-mədəniyyət qarşıdurmasına əsaslanan yanaşma ilə izah olunub.
Məqalədə, həmçinin dünyanın tanınmış alimlərindən olan Alan Dandes, Anri Berqson, Uilyam Beskom, Ziqmund Freyd, Azərbaycan alimlərindən - AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademiklər Muxtar İmanov və Rafael Hüseynov, professor Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin bəhs olunan elmi problemlə bağlı fikir və mülahizələrinə istinad edilib.