AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən, büro üzvləri və institut direktorlarının iştirak etdikləri iclası giriş sözü ilə açan FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
İclasda elm sahələri üzrə ixtisas pasportlarının hazırlanması, fizika elmləri doktoru A.Abbasovun 80 illik yubileyinin keçirilməsi, akademik Ç.Qacarın “Kompozit materiallar əsasında effektli ƏYT (ən yüksək tezlikli) şüalanma uducusunun işlənməsi”, fizika üzrə fəlsəfə doktoru A.Məmmədovun “Orta infraqırmızı diapazonu sistemlər üçün soyudulmayan detektorların yaradılması”, fizika üzrə elmlər doktoru İ.Həsənovun “Yeni detektə etmə prinsipi əsasında işləyən yüksək həssaslıqlı infraqırmızı fotoqəbuledici”, fizika üzrə elmlər doktoru B.Barxalovun “Mikroelektronikada geniş tətbiq imkanlı termoelektrik soyuducuların istehsalı üçün yüksək effektivlikli termoelektriklərin yaradılmasının fiziki əsaslarının işlənməsi”, fizika üzrə fəlsəfə doktoru T.İbrahimovun “Maye kristal nanokolloidləri əsasında optik tezliyin ikiqat artırıcılarının işlənməsi” mövzularının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqəsində iştirak etmək üçün təqdim edilməsi məsələləri müzakirə olunmuşdur.
İyunun 28-dək bütün ixtisaslar üçün pasportların hazırlanması və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına təqdim edilməsi qərara alınmışdır.
İclasda kadr məsələlərinə də baxılmışdır.