AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilir
Naxçıvan, 24 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, keçən il oktyabrın 10-da elan olunmuş müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib.
Müsabiqəyə çıxarılan 27 vakant vəzifənin tutulması üçün 14 nəfər sənəd təqdim edib.
Test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana bilirlər.
İmtahanda namizədlərə ixtisas üzrə 40, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 20 sual olmaqla, 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır.
Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
İmtahanda iştirakçılar tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunubdur.
Qeyd edək ki, test imtahanları iyunun 29-dək davam edəcəkdir.