AMEA-nın Şəki Regional Elmi Mərkəzində Beynəlxalq elmi konfrans keçirilib
Şəki, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 4-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfransın plenar iclası keçirilib. İclasda Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, şəhər bələdiyyəsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, həmçinin AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun, AMEA Mərkəzi Elmi Kitabxanasının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq, konfransın təşkil edilməsində əsas məqsədin respublikamızın, eləcə də dünyanın müxtəlif bölgələrindən olan ziyalıları, alimləri, elm adamlarını Heydər Əliyev dühasının işığına yığmaq, Regional Elmi Mərkəzin 50 illik ömür yolunun sevincini paylaşmaq olduğunu bildirib. Diqqətə çatdırılıb ki, konfransın proqramına Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İndoneziya, Hindistan, Bolqarıstan, Misir və digər ölkələrdən 106 məruzə daxil edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sadiq Yusifov və YAP Şəki şəhər təşkilatı sədrinin müavini Ziya Vəliyev çıxışlarında konfransın işinə uğurlar arzulayıblar.
Şəki Regional Elmi Mərkəzin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin aparıcı elmi işçisi, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ziyalılara hər zaman diqqət göstərib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan elmi dünyada özünəlayiq yer tuta bilib. Azərbaycanda elmin yüksəlişi məhz Ümummilli Liderin adı ilə bağlıdır.
O, həmçinin Şəki Regional Elmi Mərkəzin 50 illik fəaliyyəti və əldə edilən nailiyyətlər barədə geniş məlumat verib.
Regional Elmi Mərkəzin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kamil Adışirinov çıxışında Heydər Əliyevin ədəbiyyata olan diqqət və qayğısından, xüsusilə Şəki ədəbi mühitinin inkişafında Ulu Öndərin müstəsna rolunun olmasından, onun Şəki mətbuatına və teatrına göstərdiyi dəstəkdən geniş danışıb.
Konfransda çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev bildirib ki, elm və təhsil qoşa qanad kimidir, bunları bir-birindən ayırmaq olmaz. Bu gün ölkəmizdə yüksək potensiala malik gənc kadrların yetişməsi Ümummilli Lider Heydər Əliyevin təhsilə və elmə olan diqqət və qayğısının nəticəsidir.
AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Aygün Babayeva çıxışında Ulu Öndər Heydər Əliyevin aqrar sahəyə qayğısından bəhs edib, bu qayğının hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
AMEA Mərkəzi Elmi Kitabxananın “İnnovativ layihələr və metodiki təminat” şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında əlli yaşın bir hesabat dövrü olduğunu və bu konfransın bir növ hesabat xarakteri daşıdığını qeyd edib. O, “Heydər Əliyevin müdrik kəlamları” əsasında hazırlanmış elektron diski Şəki Regional Elmi Mərkəzə hədiyyə edib.
AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi-Tədqiqat Bazasının müdiri Coşqun Məmmədov uzun illər Şəki Regional Elmi Mərkəzdə çalışdığını, bu müəssisənin elmi nailiyyətlərinin təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda işıqlandırıldığını qeyd edib.
Konfrans onlayn platforma bölməsi üzrə işini davam etdirib.