AMEA-NIN TARİXİNİ VƏ BU GÜNÜNÜ ƏKS ETDİRƏN FUNDAMENTAL NƏŞR
Kitab “Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli Sərəncamı ilə açılır. AMEA-nın prezidenti akademik Mahmud Kərimovun irihəcmli “Müqəddəs elm ocağı” məqaləsində Azərbaycanın dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olması əsaslandırılır, diyarda elmi dünyagörüşün tarixinə ekskurs edilir, müxtəlif əsrlərdə yaşayıb-yaratmış alim və mütəfəkkirlərimiz xatırlanır, dünyəvi təlim və təhsil ocaqları, Azərbaycan elminin, intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin rolu, XX əsrin əvvəllərində ölkənin təbii sərvətlərinin, iqtisadiyyatının, tarixinin, fəlsəfəsinin, incəsənətinin öyrənilməsi üçün yaradılmış müvafiq cəmiyyətlər, SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi, SSRİ EA-nın Azərbaycan filialı haqqında məlumat verilir, İkinci dünya müharibəsi dövründə neft sahəsində aparılan elmi tədqiqatlardan, o cümlədən akademik Yusif Məmmədəliyevin başçılığı ilə yüksək oktanlı aviasiya yanacağı alınmasından söz açılır. Məqalədə Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunmasından (SSRİ XKS-nin 23 yanvar, Azərbaycan SSR XKS-nin 27 mart 1945-ci il tarixli qərarları), müharibədən sonrakı illərdə Azərbaycanda elmin uğurlu inkişafından, ayrı-ayrı elm sahələri və bölmələri üzrə aparılan tədqiqat işlərindən ətraflı bəhs edilir. Xüsusi vurğulanır ki, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan elminin yüksək tərəqqisi Heydər Əliyevin XX əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi ilə bilavasitə bağlıdır. Bu fikir çoxsaylı faktlarla əsaslandırılır.
Məqalədə ümummilli liderimiz Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin elmə, alimlərə, ziyalılara daim diqqət və qayğısı vurğulanır.
Kitabda AMEA-nın müxtəlif elmi bölmələri, Naxçıvan bölməsi, Gəncə və Şəki regional elmi mərkəzləri, nəşrləri, beynəlxalq elmi əlaqələri haqqında geniş məlumat verilir.
Nəşrə “AMEA-nın mühüm hadisələr salnaməsi” də əlavə edilmişdir.
Kitab nəfis şəkildə tərtib edilmişdir və şəkillərlə zəngindir.