AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA
Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Dünyada sülhün, sabitliyin təmin edilməsi, bəşəriyyətin inkişafına xidmət edən dəyərlərin bərqərar olunması sahəsində bu gün Amerika Birləşmiş Ştatlarının göstərdiyi çoxşaxəli fəaliyyət böyük rəğbət doğurur.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin durmadan inkişafı, əlaqələrimizin hərtərəfli genişlənməsi, dövlətlərimizin strateji tərəfdaşlığı qarşılıqlı münasibətlərimizin ən böyük nailiyyətlərindəndir.
Biz Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı barışmaz mövqeyini, insanların həyatı üçün böyük təhlükə mənbəyi olan bu bəlaya qarşı mübarizəsini və dünya ictimaiyyətini səfərbər etmək səylərini yüksək qiymətləndirir, tam dəstəkləyir və antiterror əməliyyatlarına öz töhfəmizi verməyə çalışırıq.
Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli ilə bağlı irimiqyaslı beynəlxalq iqtisadi layihələrin gerçəkləşməsində və bu sahədə əldə etdiyimiz uğurlarda Amerika Birləşmiş Ştatlarının rolu və hərtərəfli dəstəyi bizim üçün çox əhəmiyyətlidir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin ardıcıl səylərinə böyük ümidlər bəsləyirik.
Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2004-cü il.