Amerikalı basketbolçu: Azərbaycan çox yaxşı və təhlükəsiz ölkədir
Bakı, 29 yanvar, AZƏRTAC
"Azərbaycan çox yaxşı və təhlükəsiz ölkədir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Şəki" komandasının basketbolçusu Kris Klark Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.
Daha əvvəl Avstraliya, Boliviya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Lüksemburq, Peru və Almaniyada çıxış etmiş amerikalı oyunçu Azərbaycanın hər bölgəsinin özünəməxsus olduğunu bildirib: "Şəkidə yaşamaq çox yaxşıdır. Kiçik şəhər olsa da, mənim üçün rahatdır. Böyük şəhərlərdə sıxlıq olur. Bura insanın istirahət etməsi üçün möhtəşəm yerdir. Əcnəbilərə məsləhət görərdim ki, Azərbaycana gəlib ölkənin mədəniyyəti ilə tanış olsunlar".
Təcrübəli basketbolçu Azərbaycana “Şəki”nin baş məşqçisi Aleksander Uconun təklifi ilə gəldiyini söyləyib: "Açığı, mənim onunla şəxsi tanışlığım yox idi. Hətta ötən ilin avqustunda karyeramı bitirməyi düşünürdüm. Lakin "Şəki"dən gələn təklif məni cəlb etdi və basketbolla daha bir neçə mövsüm məşğul ola biləcəyimi düşünərək Azərbaycana gəldim. 15 illik peşəkar təcrübəmlə bu liqanın inkişafına kömək etmək istəyirəm".
Komandasının bu mövsüm qələbə qazana bilməməsindən də söz açan 38 yaşlı oyunçu əlavə edib: "Buna görə bəhanə axtarıb kimisə günahlandırmayacağam. Mövsümü yaxşı notlarla bitirmək istəyirik. Bunun üçün çalışırıq".