Amerikalı voleybolçu: Azərbaycanda yaşamaq və oynamaq mənə zövq verir- MÜSAHİBƏ
Bakı, 1 fevral, AZƏRTAC
“Azərreyl” voleybol klubunun amerikalı toppaylayıcısı Qabrielle Benda AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Cari mövsümün əvvəlindən “Azərreyl”də çıxış edirsiniz. Bu komandaya keçidiniz necə baş tutdu?
- Ötən ilin yayında agentim Azərbaycandan təklif olduğunu dedi. Fərqli ölkənin voleybolu və mədəniyyəti ilə tanış olmaq istəyirdim. Buraya gəlməmişdən əvvəl “Azərreyl”in məşhur klub olduğu haqqında məlumatım var idi. Hətta bir çox amerikalı oyunçunun bu kollektivdə çıxış etdiyini bilirdim. Baş məşqçi Cengiz Akarçeşmə ilə söhbətdən sonra ölkənizdə oynamağın uğurlu olacağını hiss etdim. Mənim üçün əla fürsət oldu. Çağırış Kubokunda iştirak etmək, yüksək səviyyəli komandalara qarşı mübarizə aparmaq karyeram üçün önəmli idi.
- Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Azərbaycanda yaşamaq və oynamaq mənə zövq verir. Bakının havasını və insanların mehribanlığını sevirəm. Burada gözəl memarlıq abidələri, orijinal dizaynla bəzədilmiş maraqlı yerlər var. Şəhərdə rahatlıqla gəzə və kafelərə baş çəkə bilirəm. Yeməkləriniz də çox dadlı olur. Azərbaycan mədəniyyətini kəşf etməyi çox sevirəm.
- Bakıda ən sevdiyiniz yerlər haradır?
- Burada çoxlu sevimli yerlərim var. Komanda yoldaşlarımla birlikdə məşqdən sonra dadlı yeməklər və bir fincan qəhvə içmək üçün restoranlara gedirik. Bəzən isə alış-veriş etmək üçün mağazalara baş çəkirik. “Alov qüllələri”ndə gecə yaradılan görüntü çox möhtəşəm olur. Buna baxmağa dəyər.
- Bəs, Azərbaycan mətbəxindən ən çox hansı yeməkləri bəyənirsiniz?
- Ən sevdiyim yeməklər plov, toyuq kababı və qutabdır.
- Karyeranız ərzində İsveç, Fransa, Yunanıstan və İsveçrədə çıxış etmisiniz. Azərbaycanı bu ölkələrlə necə müqayisə edərdiniz?
- Avropada debütümü İsveçin “Gislaved” komandasında etmişəm. Daha sonra üç il Fransanın “Sens Olimpiya” və “İstr Provens” klublarının formalarını geyinmişəm. Ötən mövsüm isə Yunanıstan və İsveçrə çempionatlarında oynamışam. Azərbaycanı bu ölkələrdən fərqləndirən mədəniyyətidir. Əvvəlcə dil baxımından çətinlik çəkəcəyimi düşünsəm də, insanların mehriban davranışı sayəsində bu məsələ də mənim üçün asanlaşdı. Daha əvvəl oynadığım ölkələrdə belə isti münasibət görməmişəm. Bakıdakı həyat tərzini sevirəm. Hazırda əsas məqsədim Azərbaycanda voleybolun inkişafına töhfə verməkdir. “Azərreyl” kimi məşhur klubda çıxış etdiyimə görə xoşbəxtəm.
- Sizcə, komandanız bu mövsüm ölkə çempionatını hansı pillədə bitirə bilər?
- Komandanın çempion olması üçün yaxşı imkanları var. Digər klublardan fərqli, yüksək səviyyəli və təcrübəli oyunçularımız var. Özümüzü daim inkişaf etdirmək üçün çalışırıq. Azərbaycan liqasında rəqabət artır. İnanıram ki, mövsümün sonunda çempion ola bilərik.
- Müqaviləniz yayda başa çatacaq. Karyeranızı Azərbaycanda davam etdirmək istərdiniz?
- Növbəti il də burada oynamaq istəyərəm. Bütün təkliflərə açığam. Təbii ki, komandanın hədəfləri də önəmlidir. Hər zaman özümü inkişaf etdirmək üçün çalışıram. Azərbaycanda oyunçu və insan kimi inkişaf etdiyimi düşünürəm.