Ankarada keçirilən “Mədəniyyətlərarası körpü” layihəsi yekunlaşıb
Bakı, 10 mart, AZƏRTAC
Ankara şəhərində keçirilən “Mədəniyyətlərarası körpü” layihəsi uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Gənclər Təşkilatı, Ankarada fəaliyyət göstərən Azərbaycan Tələbə Birliyi və Qırğızıstan Tələbə Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqından məlumat verilib. Bildirilib ki, fevralın 25-dən martın 3-dək icra olunan layihə müxtəlif ölkələrin mədəniyyətlərinin, tarixi irslərin tanıdılması və beynəlxalq dostluğun möhkəmləndirilməsi məqsədi daşıyıb. Layihə çərçivəsində iştirakçılar Ankarada bir sıra mədəni və maarifləndirici tədbirlərə qatılıblar. İlk gün Rahmi Koç Muzeyi, Ulucanlar Cəzaevi Muzeyi və Ankara Qalası ziyarət edilib. Fevralın 26-da Xocalı soyqırımı şəhidlərini yad etmək məqsədilə “Tarixin göz yaşları” adlı tədbir keçirilib. Tədbir tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edib. Həmçinin dünyanın 40 ölkəsindən olan 300-dən çox gəncə Xocalı soyqırımında dünyasını dəyişən həmvətənlərimizin əziz xatirəsinə ehsan verilib.
Tədbirin növbəti günlərində Azərbaycan və Qırğızıstanın “Mədəniyyət Tanıtım Proqramları” təşkil olunub. İştirakçılar Azərbaycan və Qırğızıstan millətinə xas milli mətbəx, incəsənət və musiqi nümunələri ilə tanış olublar. Bununla yanaşı, müxtəlif sənət sərgiləri və rəsmi ziyarətlər keçirilib. Layihə müddətində ekoçanta master-klası, “Netvörkinq əlaqələrinin qurulması” mövzusunda təlim və “Her boydan” jurnalı barədə infosessiya baş tutub. Xüsusilə martın 2-də Anıtkabir, Merik Konağı (Altın Köşk) və Tulumtaş mağarasına edilən ziyarətlər isə gənclərdə böyük maraq doğurub.
Layihə çərçivəsində ADU Tələbə Gənclər Təşkilatının heyəti Qazi Universiteti və “TOBB Ekonomi ve Teknoloji” Universitetinin rektoru ilə görüşüb. Görüş zamanı onlar həm universitetlər barədə ətraflı məlumat əldə edib, həm də gələcəkdə gənclər üçün yaradıla biləcək şəraitləri və birgə həyata keçirilə biləcək layihələri müzakirə ediblər.
“Mədəniyyətlərarası körpü” layihəsi iştirakçılar arasında beynəlxalq müstəvidə yeni dostluqlar qurulmasına və mədəniyyətlərin qarşılıqlı tanınmasına xidmət edib.
ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev bu cür layihələrin davamlı olacağını, Azərbaycan mədəniyyəti və milli-mənəvi dəyərlərinin daha geniş platformalarda təşviq ediləcəyini vurğulayıb.