Ankarada Türk Dünyası Ali Təhsildə Tərəfdaşlıq Sertifikat Proqramının açılışı olub VİDEO
Ankara, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Ankarada Türk Dünyası Ali Təhsildə Tərəfdaşlıq Sertifikat Proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) tərəfindən təşkil olunan mərasimdə proqramın rəhbəri, Yaxın Şərq (Ortadoğu Teknik) Texniki Universitetinin professoru Şəfiqə Şule Erçetin çıxış edib. O bildirib ki, təşəbbüsün məqsədi türk dövlətləri arasında ali təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və miqyasının genişləndirilməsinə töhfə verməkdir.
Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Çətin, YTB-nin rəhbəri Abdulhadi Turus, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten və başqaları elm və təhsil sahəsindəki əməkdaşlığın Türk dünyasında inteqrasiya prosesləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edilib ki, universitetlərin missiyası bilik verməklə yanaşı, ölkələr arasında körpü yaratmaqdan ibarətdir.
Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri, Şimali Kipr Türk Respublikası və Macarıstandan elm adamlarının qatıldığı ilk proqram 4 gün davam edəcək.