Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsini anma gecəsi keçirilmişdir
Ankara, 25 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Qazi Universitetində anma gecəsi keçirmişdir.
“TRT Avaz” və İctimai Televiziya vasitəsilə Azərbaycan Tibb Universiteti ilə birgə telekörpü formatında həyata keçirilən tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Mustafa Kabakçı, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini İsmət Yılmaz, Qazi Strateji Araşdırmalar Mərkəzinin sədri Yusuf Halaçoğlu, Türkiyənin sabiq müdafiə naziri Sabahattin Çakmakoğlu, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, səfirliyin təşkil etdiyi konfranslarda çıxış etmək məqsədi ilə Ankara şəhərinə ezam olunmuş ölkəmizin tanınmış elm adamlarından professor Cəmil Həsənli və Milli Məclisin deputatı Elman Məmmədov, Türkiyənin müxtəlif “beyin mərkəzlərinin” nümayəndələri, Qazi Universitetinin professor və müəllim heyəti, diaspor nümayəndələri, tələbələr və KİV nümayəndələri iştirak etmişlər.
Telekörpü vasitəsilə Azərbaycan Tibb Universitetinin tələbə şurasının sədri Elşad Novruzov və Qazi Universitetinin tələbə şurasının sədri İsmet Anlı, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və səfir Faiq Bağırov, Qazi Strateji Araşdırmalar Mərkəzinin sədri Yusuf Halaçoğlu, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək Xocalıda baş vermiş qətliam barədə danışmışlar.
Anma gecəsində Xocalı faciəsinin dəhşətlərindən və türkiyəli jurnalistlərin Xocalı xatirələrindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Konfrans zamanı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarından imza toplanmış və Xocalı soyqırımı təsvir olunmuş rəsmlərdən ibarət sərgi nümayiş etdirilmişdir. Tədbirdə Xocalı soyqırımı ilə bağlı DVD, broşürlər və digər təbliğat xarakterli materiallar paylanmışdır.
Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara şəhərinin müxtəlif yerlərində Xocalı hadisələrindən bəhs edilən plakatlar asılmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara