ANS ŞİRKƏTLƏR QRUPUNUN VİTSE-PREZİDENTİ MİRŞAHİN AĞAYEVİN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun təsis etdiyi “2007-ci ilin adamı” mükafatının və diplomunun təqdim olunması mərasimini açıq elan edirəm. Bu mükafat və diplom 2001-ci ildən başlayaraq təqdim olunur və onun qayəsində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır.
Azərbaycanın tərəqqisi, yüksək milli-mənəvi xüsusiyyətlərimizin etibarlı surətdə qorunub saxlanılması, müstəqil dövlətimizin imicini yaratmaq kimi böyük amalların təşviqi və bu niyyətə qulluq göstərən insanların təbliği - Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi, artıq ən nüfuzlu ictimai ölçüyə çevrilməkdə olan mükafatın başlıca leytmotivi budur.
Azərbaycan uğrunda şərəfli bir şəhadətlə şəhid olmuş insanın adını daşıyan Fondun bu mükafatı, təbii olaraq, öz bacarığını və səylərini Azərbaycanın rifahına yönəldən, ömrünü bu dövlətə, bu xalqa həsr edən şəxslərə verilir. İctimai həvəsləndirmə və təşviq etmənin ciddi atributu kimi etiraf olunmuş bu mükafat bir azdan öz sahibinə - 2007-ci ilin adamına təqdim ediləcəkdir. Biz əminik ki, ünvanı və qiymətləndirilən məqamları düzgün seçmişik. Olduqca mürəkkəb, eyni zamanda, son dərəcə zəngin olan 2007-ci ildə öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycana, onun xalqına xidmət göstərən insanlar arasından ən layiqlisi üzərində dayandığımıza şübhə etmirik.
Elə buradaca mən toplantımıza qatılan mötəbər qonaqları, kütləvi informasiya vasitələrinin nümayəndələrini bir daha salamlayır, sözü ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verirəm.