Antidopinq mövzusunda maarifləndirici seminar təşkil olunub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
AAF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə dinləyici qismində atletika üzrə milli komandamızın üzvləri, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.
Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. İdmançılar antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidirlər.
İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.