Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı







Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Hərb Tarixi Muzeyində Aprel zəfərinin 7-ci ildönümünə həsr olunmuş “Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı” adlı musiqili gecə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzey rəisi, polkovnik Əzizağa Qənizadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılovun məruzələri və iştirak edən qonaqların çıxışları dinlənilib.
Çıxışlar zamanı Aprel döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndiyi vurğulanıb. Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, həmçinin Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunaraq, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında uydurduqları mifi alt-üst edildi.
Daha sonra, erməni silahlı qüvvələrinin bu döyüşlərdə böyük itkilərə məruz qaldığı vurğulanıb: “Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, eyni zamanda, Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargah və əsas hərbi hissələri məhv edildi. Ağdərə- Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi. “Dördgünlük müharibə” adı ilə tarixə düşən Aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi”.
Bədii hissədə Həzi Aslanov adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Sonra 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş olunub.