Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi
Gəncə, 5 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı Aprel döyüşləri şəhidlərinin anım günü ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid İnqilab Çingiz oğlu Quliyevin ailəsi ilə görüş keçirib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub.
Kitabxana filialının müdiri Mirvari Cəfərova İnqilab Quliyevin keçdiyi şərəfli həyat yolu haqqında məlumat verərək bildirib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri 1994-cü ildə əldə olunan atəşkəsdən sonra ordumuzun ən şanlı qələbəsinin başlanğıcı idi. Sağlığında ordunun yaranmasının 90-cı və 95-ci il yubiley medalları ilə, 10 il qüsursuz xidmətə görə medalı, Müdafiə Nazirliyi və korpus komandiri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunan İnqilab Quliyev şəhadətindən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. İnqilab Vətən sevgisi ilə yaşadı, böyüdü və Vətənlə bütünləşdi.
Tədbirdə şəhidin atası Çingiz Quliyev, anası Sədaqət Ağayeva və bacıları İnqilab haqqında xatirələrini bölüşüblər. Qeyd ediblər ki, öz istəyi ilə hərb sahəsini seçən İnqilabın ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və üçrəngli bayrağımızı doğma yurdu Kəlbəcərə sancmaq idi.
II Qarabağ müharibəsinin qazisi Cəfər Məmmədov deyib ki, Azərbaycan gəncləri 2016-cı ilin Aprel döyüşlərində əcdadların hərbi ənənələrinə sadiq qalaraq, çətin sınaqlardan ləyaqətlə keçdi və düşmənə qarşı rəşadətlə vuruşdu.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova şəhid İnqilab Quliyevin ailəsinə belə igid övlad yetişdirdikləri üçün təşəkkür edib və bildirib ki, Vətənin toxunulmazlığı və bütövlüyü onun uğrunda can verərək, qan tökərək fədakarlıq göstərən cəsur oğullar sayəsində təmin olunur.
Tədbirdə 21 nömrəli tam orta məktəbin şagirdləri şəhidin övladları Hüseyn və Əyyam Quliyevlərin iştirakı ilə “Şəhidlərimiz qürur yerimizdir” adlı bədii kompozisiya ilə çıxış ediblər.