Aprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdır
Gəncə, 6 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsində “Aprel döyüşləri Zəfər salnaməmizin başlanğıcıdır” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək, Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.
Çıxış edən universitetin İctimai fənlər kafedrasının müdiri Azad Bayramov Azərbaycanın hərbi tarixinin parlaq səhifələrindən olan Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun başlanğıcı olmasından bəhs edib. O, Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi dünyaya nümayiş etdirdiyini vurğulayıb.
İctimai fənlər kafedrasının müəllimləri Samirə Qasımova və Türkan Əhmədova Aprel döyüşlərinin Azərbaycan cəmiyyətinin vətənpərvərlik ruhunu gücləndirməsindən və xalqımızın övladlarının döyüş meydanında düşmənin layiqli cəzasını verməsindən danışıblar.